Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır.
== Məzmun ==
Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.